Ölkəmizdə və dünyadakı olaylara fərqli baxışlarıyla seçilən siyasi analitik Tahir Cəfərli ilə “Həftə içi” üçün söhbətimizdə Azərbaycan və Ermənistan liderlərinin son Brüssel danışıqlarının nəticələri, Rusiyanın bu görüşlərə əsəbi reaksiyası, Qarabağda separatçı-revanşistlərin son etiraz aksiyaları haqda danışdıq. Siyasi şərhçinin Rusiya ilə, o cümlədən bu ölkənin lideri V.Putinlə bağlı, eləcə də Kremlin 44 günlük savaşdan sonra Qarabağdakı ermənilər və Azərbaycan-Ermənistan sülh prosesinə yönəlik siyasəti haqda fərqli mövqeyi, Rusiyanın Ukraynanı işğal etməsinə qeyri-adekvat münasibəti və s. barədə diskussiya apardıq.
-Tahir müəllim, Brüsseldə Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin son görüşünün ən diqqətəlayiq nəticələri hansılar oldu?
-Əlbəttə ki, Qarabağın Azərbaycan torpağı kimi tanınması... Bu, kiçik hadisə deyil və Azərbaycan Prezidenti İlham Əliyevin balanslaşdırılmış siyasətinin nəticəsidir. Ən əsası odur ki, Avropa İttifaqı (Aİ) ölkələri Qarabağda sabitliyin vacibliyini dərk edir. Buna onları sövq edən Avropada enerji çatışmazlığı və Şərqdən qitəyə gedən tranzit yollarının bağlanmasıdır. Alternativ yol isə Qarabağdan Zəngəzura, oradan isə Türkiyə vasitəsi ilə Avropaya Şərqdən malların və cihazların idxalı və ixracını təmin edəcəkdir. Təkcə bir faktı qeyd edirik: Avropa zavod və konsernlərinin maşınqayırmada və avtomobil sənayesində işlətdikləri komplektləşdirmə detalları Çin, Hindistan və başqa Şərq ölkələrindən gəlməsə, Avropanın iqtisadiyyatı tamlığı ilə çökər. Bir faktı da unutmayın, Avropa iqtisadiyyatının çökməsi ABŞ-ın siyasi marağındadır və Ukraynada müharibə Avropa İttifaqını onun satellitinə çevirməkdədir...
Qarabağ-Zəngəzur yollarının işləməsi həm Qərbin, həm də Şərqin geosiyasi marağındadır və bu maraqlar Azərbaycanın bütün hallarda haqlı çıxardır...
-Moskvanın son Brüssel görüşünə əsəbi reaksiyası nədən xəbər verir?
-Moskvanın bütün hallarda Brüssel görüşünə reaksiyası mənfi olmalıdır. Çünki Ermənistanı Qarabağ müharibəsində kapitulyasiyaya vadar edən də Rusiyanın rəhbəri idi, 10 noyabr sazişindən irəli gələn bütün öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməsini tələb edən ilk ölkə də Rusiyadır. 10 noyabra qədər Ermənistandan Azərbaycan torpaqlarını qaytarmaq tələbi ilə ciddi çıxış edən digər bir ölkə olmayıb. Yəni Qarabağda sülh prosesinə təkan verən real ölkə Rusiyadır. Onun siyasi rəhbərliyi Azərbaycandan keçən bütün tranzit yollarının işləməsinin marağındadır. Təsəvvür edin, Brüssel görüşlərinə üstünlük verməklə faktiki olaraq Ermənistanı sülhə sövq edən ölkəni, Rusiyanı qoyub torpaqlarımızı ermənilərə vermək istəyən Avropa İttifaqı ölkələrinə üz tuturuq. Və bu halda Ermənistanı sülh masasına oturda biləcək ölkə olan Rusiya kənarda qalıb...
Bunları nəzərə alaraq demək olar ki, Brüssel görüşlərinin heç bir nəticəsi olmayacaq. Çünki Avropanın sülh təklifləri qeyri-realdır və bundan yararlanan Ermənistan özünü yazıqlığa vurub Qarabağı qaytarmaqla Fransanı və başqa bir-neçə ölkəni Cənubi Qafqaza buraxmaq taktikasını güdür. Bunu ruslar çoxdan başa düşüblər. Odur ki, Cənubi Qafqazda sülh prosesi yalnız 10 noyabr razılaşması əsasında həyata keçirilməlidir. Rus sülhməramlılarının hərdən-bir etdikləri axmaqlıqlar da bizim xeyrimizədir. Allah qoysa, onların mandatları qurtaran vaxt əlimizdə real faktlar olacaq ki, onları Azərbaycandan çıxaraq. Aİ-nin isə sülh təkliflərinin arxasında heç bir iqtisadi və siyasi qüvvə durmur. Əksinə, Aİ-nın bu cəhdləri Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaq və Ermənistanı gücləndirməkdir...
Bəs sual oluna bilər ki, biz nə üçün belə görüşlərdə iştirak edirik? Cavab çox sadədir. Qərbin siyasi rəhbərlərinə Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etdirmək və diplomatiyamızın çoxşaxəli olduğunu dünyaya göstərmək üçün... Real sülh şərtləri isə 10 noyabr tarixli sazişdədir. Azərbaycan Rusiyadan buna əməl olunmasını tələb etməlidir...
- Torpaqlarımızı ermənilərə vermək cəhdində ittiham etdiyiniz Avropa İttifaqı, eləcə də ABŞ Qarabağda ermənilərə hansısa status verilməsindən danışmır, onların yalnız hüquqlarının qorunmasının təminatından bəhs edir, Rusiya, Putin isə 10 noyabr bəyanatından dərhal sonra bildirib ki, status məsələsi gələcəyə saxlanmalıdır. Bu o deməkdir ki, Moskva münaqişəni uzatmağa və nəticədə Azərbaycan torpaqlarında hərbi gücünün saxlanma müddətini artırmağa çalışır... İkincisi, əgər Rusiya sülh istəyirsə, niyə statusdan danışır, niyə Qarabağdakı qanunsuz birləşmələri ərazimizdən çıxarmır, əksinə, Müdafiə Nazirliyinin dəfələrlə(elə bu günlərdə də) yaydığı rəsmi məlumatlara görə, erməni terrorçularına silah-sursat da daşıyır?
- Diplomatiyanın sözlərinə inanmayın. Qərb əgər sülh müqaviləsinə qol çəkdirmək istəsəydi, çoxdan çəkdirmişdi... Yadınıza İraqı, Suriyanı, Misiri, Liviyanı, Əfqanıstanı salın. Son 20 il ərzində təkcə ABŞ 20 milyon müsəlman qanını axıdıb. Bəhanəsi də “insan hüquqlarının təminatı və demokratiya” olub. Girdiyi ölkələrin nə vəziyyətə düşdükləri göz qabağındadır. Reallıq budur ki, Qərb bu saat işğalçılıq siyasətini açıq həyata keçirir...
Rusiya qoşunlarının Qarabağa girməsinin və qalmasının səbəbi isə, əlbəttə ki, Cənubi Qafqaza Qərbin girməsinin və Ermənistanla Azərbaycanın hərbi plasdarma çevrilməsin qarşısının alınması ilə bağlıdır. Reallıq budur: dünya iki düşərgəyə bölünür. Azərbaycanın yeri haradadır? Xalqımız üçün önəmli məsələ məhz budur... Hazırkı durumda iqtidar isə onun xeyrinə əmələ gəlmiş geosiyasi reallıqlardan istifadə edib Qarabağda Azərbaycan Konstitusiyasını həyata keçirməlidir...
Putinin 10 noyabr bəyanatından dərhal sonra Qarabağdakı ermənilərə status verilməsi məsələsinin gələcəyə saxlanmasını söyləməsinə gəlincə, bu o demək deyil ki, Moskva münaqişənin uzanmasının tərəfdarıdır. Qarabağda erməni silahlı dəstələri tərksilah olmayınca, münaqişəni sülh yoluna qoymaq çətin olacaq. Qərb Qarabağın Azərbaycan torpağı olduğunu deyir. Belə alınır ki, biz istədiyimiz vaxt torpaqlarımızdan qeyri-qanunu erməni silahlı dəstələrindən təmizləyə bilərik. Əslində, Qərb gözləyir ki, bu baş tutsun və “ay aman, qoymayın, erməniləri qırırlar!” adıyla Qarabağa girib “artsax” deyilən qurumu tanısın...
Sual oluna bilər ki, bəs niyə Rusiya bunu etmir? Ermənilərin tərksilah edilməsi indiki vəziyyətdə Rusiyanın imkanı daxilində deyil. Rusiya məcburdur ki, sülhməramlıları ilə heç nə etməsin, çünki güc baxımından erməni silahlı dəstələrini tərksilah edə bilməz...
Rusiyanın Qarabağda torpaqların qaytarılmasına dəstək verməsi isə hər şeydən əvvəl bu ölkənin Cənubi Qafqazın tranzit yoluna çevrilməsi ilə bağlı iqtisadi maraqlarıdır. Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya bu dəhlizlərin nə qədər əhəmiyyətli olduğunu isbat etdi və onların açılması istiqamətində siyasətini həyata keçirir. Buna bir ölkə də mane olmur. Odur ki, Qarabağın sülh yolu ilə azad olunmasına inam daha da artır. Əks halda dərinə getsək, bizi İranın da təcavüzü gözləyir. Rusların bir atalar sözü var: “İki şərdən ən zərərsizini seçirlər”... Azərbaycan Prezidenti isə heç birini seçmir. Çalışır ki, Azərbaycan heç bir ölkədən asılı olmasın. Buna həqiqi müstəqillik deyirlər...
Soruşursuz ki, əgər Rusiya sülh istəyirsə, niyə statusdan danışır... Qarabağdakı qanunsuz silahlı birləşmələrinin başını qatmaq üçün... Siyasətçilərin sözlərinə inanmaq doğru deyil. Real hərəkətlərinə baxın!..
Bəli, dediyiniz kimi, sülhməramlıların erməni terrorçularına silah-sursat da daşıması haqda faktlar da var. Bu, Rusiya ordusunda korrupsiyanın olması ilə bağlıdır. Yuxarıda qeyd etdik ki, Qərbin Qarabağda toqquşmada marağı var. Deməli, qeyri-qanunu silahlı dəstələrə külli miqdarda pul buraxılır. Rüşvətxor Rusiya generalları Putinın sözündən çıxaraq ermənilərə silah satırlar.
Rusiya bunun qarşısını almaq üçün “Priqojin “qiyamına” əl atdı və həmin generalları üzə çıxartdı. Onların arasında Qarabağda ermənilərə silah satan general Rüstəm Muradov da vardı. Bir şeyi yadımızdan çıxartmamalıyıq ki, Qarabağda müharibə nə Rusiyanın, nə də İranın geosiyasi marağındadır. Bununla belə, Qarabağ kartı Azərbaycana təzyiq vasitəsidir. İstər Rusiya, istərsə Qərb tərəfindən. Siyasətdə aksiomdur: heç bir ölkə heç bir ölkəyə heç nədən heç nə vermir. Bütün ölkələrin maraqları toqquşduğu Vətənimizdə Prezidentimizin apardığı xarici siyasətin düzgünlüyünü Qarabağda hökm sürən sabitlik sübut edir...
-Paşinyanın baş separatçı Araikin məktubunu Aİ rəhbəri Şarl Mişelə çatdırması və Miselin bunu qəbul etməsi nə demək idi, sizcə?
- Burada məqsəd sadəcə olaraq sülh prosesini uzatmaq və Fransadan silah alıb Qarabağda müharibəni bərpa etməkdir. Daha düzünü desək, Rusiyaya qarşı ikinci cəbhəni açmaqdır. Araikin Miselə məktub yazması və onun bu məktubu qəbul etməsi, ondan xəbər verir ki, Rusiya Qarabağın erməni icmasını heç də qorumaq eşqində deyil. Bayaq qeyd etdik ki, Laçın və Zəngəzur koridorlarının işləməsi Rusiyanın iqtisadi və siyasi marağındadır. Ona görə də Zəngəzur dəhlizi dayanmadan inşa olunur...
-Ümumiyyətlə, son vaxtlar Araikin gah Putinə Paşinyan vasitəsilə məktub yollaması, gah Paşinyanın onun xahişi ilə Putinlə telefonla danışması gah da Aİ sədrinə məktub göndərməsi nədən xəbər verir? Yoxsa artıq Rusiya da, beynəlxalq təşkilatlar da separatçı-terrorçu rejimi legitimləşdirmək barədə düşünürlər?
-Ümumiyyətlə, bu ermənilərin gücsüzlüyünün göstəricisidir. Araikin ona-buna məktub göndərməsi onun əlacsız qaldığından və “pat” vəziyyətində olduğundan xəbər verir... Xankəndinin bütün oyunları Qafqazda sülh yaratmaq istəyən qüvvələri boğaza yığmışdır. Bəzi siyasi diletantlar isə hesab edirlər ki, Rusiya da, beynəlxalq təşkilatlar da separatçı-terrorçu rejimi legitimləşdirmək barədə düşünürlər. Vəziyyət isə tərsinədir. Avropa, Rusiya, Çin, Türkiyə, İran və s. ölkələr Cənubi Qafqazda sülhün bərpa olunmasının tərəfdarıdır. Bunu isə ancaq Rusiyanın əliylə Azərbaycan Prezidenti təmin edə bilər...
- Son günlər ermənilərin Xankəndində və Yuxarı Qarabağın digər məntəqələrində Laçın yolunun açılması tələbiylə keçirilən kütləvi aksiyalarına necə baxırsız? Bunlar da Moskva tərəfindən idarə olunur, yoxsa?
-Bunlar Rusiyanın yox, elə Ermənistanın oyunudur. Onların məqsədi Qarabağda qan tökdürmək və dünyaya göstərməkdir ki, azərbaycanlılar erməniləri qırır. Belə olduğu halda ATƏT-ın Minsk qrupunun üzvü kimi Fransa Qarabağa qüvvə yeridə bilər. Burada Rusiya sülhməramlıları olmasaydı, bu çoxdan baş vermişdi...
-Sizcə, ordusu Ukraynada bataqlığa düşmüş Putin bu saat birbaşa özü Qarabağ məsələsi ilə maraqlana bilirmi?
-Rusiya ordusu haqqında səthi fikir yürütməyin. Ukraynada Rusiya əslində NATO qoşunları ilə vuruşur. Bizə bəzi hallarda Rusiya qoşunlarının geri çəkilməsi kimi çatıdırılan xəbərlər onun uduzmasından xəbər vermir. Əksinə, Rusiyanın hərbi sənaye kompleksləri günbəgün işə düşür. Bu nə deməkdir? O deməkdir ki, Rusiya hərbi və siyasi cəhətdən fövqəl-dövlətlərə meydan oxuyacaq bir dövlətə çevrilir...
Prezident Putin Qarabağa sülhməramlıları ilə girdi ki, Cənubi Qafqazda müharibə olmasın. O, yaxşı anlayır ki, Qərb Cənubi Qafqazda ona qarşı ikinci cəbhə aça bilərdi. Odur ki, Qarabağ həmişə onun diqqət dairəsindədir... Putin Qarabağda sülhün bərpası və erməni icmasının Azərbaycan Konstitusiyası əsasında idarə olunmasının açıq tərəfdarıdır. Başqa cür ola da bilməz...
Ukrayna da gedən hərbi toqquşmaları isə genişmiqyaslı müharibə elan etmək gülüncdür. Ukrayna NATO ölkələrinin silahlarıyla Rusiya silahlarının toqquşduğu hərbi poliqondur. Bu da ABŞ-ın sanksiyalarından irəli gələn nəticədir. Məqsəd isə Aİ-nı həm iqtisadi, həm də hərbi cəhətdən ABŞ qarşısında diz çökdürməkdir. Bu proses qurtaran kimi, Ukraynada müharibə bitəcək...
-Tahir müəllim, siz iki əsrə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamış, bizə qarşı repressiyalar, soyqırımlar, sürgünlər, deportasiyalar və s. törətmiş, XX əsrin əvvəlində də, sonunda da torpaqlarımızı ermənilərə işğal etdirmiş Rusiya imperiyasını, Ukraynada müharibəyə başlayan Putini, az qala, dünyada, o cümlədən Qafqazda sülhün carçısı kimi qələmə verirsiz. Bu fikirlərinizi necə əsaslandırıb Rusiya imperiyasına haqq qazandırırsız?
-Bəli, tarixi keçmişimizə fikir versək, dediklərinizdə həqiqət vardır. Bununla belə, biz indiki reallıqdan çıxış etməliyik. Reallıq isə budur : Qərbin imperialist siyasətinə qarşı çıxan bir dövlət başçısına(Putin nəzərdə tutulur-S.L.) Qərb stereotiplərindən yanaşmaq gülüncdür. Bu saat Ukraynada bütün dünyanın taleyi həll olunur. Səbəbi NATO-nun Şərqə genişlənməsi və ABŞ-ın mono-fövqəl güc kimi qalması ilə bağlıdır. İstər Ukrayna, istərsə də Rusiya xalqlarının qırılmasına səbəb də elə budur. Eyni tarixi və genetik kökü olan iki qardaş xalq bir-birini qırır. Öz işləridir. Biz nə rusların, nə də ukraynalıların tərəfində olmalıyıq. Yadınıza salın ki, 20 Yanvarda Bakıda soyqırımı törətmiş generallardan biri Ukraynadan ordu birləşməsiylə gəlmiş Valeri Bünyadov idi.. Bunun Azərbaycana xeyri var, zərəri isə yoxdur. Tarixə fikir versəniz, görərsiniz ki, Bakı şəhərinin möhtəşəm binaları 1913-1918-ci illər arasında tikilmişdir. Bu, nəyi isbat edir. Avropa və Rusiya dağılmalıdır ki, Azərbaycan inkişaf etsin. Bu saat bu baş verir və bu inkişafın qarşısını bir ölkə belə, ala bilməyəcək. Qoy bir-birini qırsınlar. Azərbaycan vətəndaşı ancaq öz dövlətini düşünməlidir. Anlamalıdır ki, ancaq öz xalqımıza və millətimizə arxalanmalıyıq. Qarabağda qələbəmizi ancaq Azərbaycan vətəndaşları-azərbaycanlılar təmin etdi. Başqa ölkələrdən silah-sursat alsaq da, qələbəni bizə Azərbaycan Prezidentinin apardığı düzgün siyasəti və sərkərdəlik qabiliyyəti gətirdi. Qələbəmizi isə başqa ölkənin adına bağlamaq axmaqlıqdır...
Rusiya isə inanmıram dağılsın. Əksinə, Ukrayna müharibəsinin sonunda dünyanı ABŞ –ın mono-qütbülüyündən qurtarıb iki qütblüyə gətirib çıxaracaqdır...
-Tahir müəllim, sizin bu fikirlə də heç cür razılaşmaq olmur ki, bu gün faktiki başqa ölkənin - Ukraynanın torpaqlarını işğal edən, orada qəsdən yaşayış binalarını, bazarları, marketləri bombalayıb dinc insanları qətlə yetirən, SES-ləri partladıb ekloloji fəlakət törədən Rusiya dövləti, ordusu olduğu halda, bu müharibəyə qarşı bitərəf mövqe tutaq. Müharibənin getdiyi 1 il 5 ay ərzində Rusiyada Ukrayna silahı ilə bir nəfər də mülki şəxs həlak olmayıb...
- Ukraynada gedən müharibə fövqəl-dövlətlərin dünyanı bölüşdürmək oyunudur. Bu oyunun əsas oyunçuları isə ABŞ və Rusiyadır. ABŞ Krımı Rusiyaya verdi ki, dünya Rusiyaya qarşı getsin. Rusiya bunu ABŞ-ın zəifliyi kimi qəbul etdi. Nəticədə Moskva Ukraynanın rusdilli ərazilərini zəbt etdi və arxayın idi ki, Qərb susacaq. Bundan qorxuya düşən Avropa silahlanmaya başladı. ABŞ-a da elə bu, lazım idi. O yenə də öz proteksionist siyasətinə qayıtdı. Sanksiyalar Rusiyanı müharibəyə sövq etdi. Nəticədə SSRİ-dən qalma hərbi sənaye kompleksləri işə düşdü və Rusiyanı SSRİ-nin hərbi səviyyəsinə gətirdi, yəni SSRİ kimi aqressiv dövlətə çevirdi. Xülasə, fövqəl-dövlətlər bu saat dünyanı bölüşdürür. Azərbaycanın isə belə bir durumda yeganə yolu öz dövlət maraqlarını qorumasıdır. Putin və yaxud Bayden kimdir-kim deyil, bu, məsələni həll etmir. Bayaq bir tarixi faktı göstərdik və tam əminliyi ilə deyərdim: nə qədər Qərblə Şərq bir-birini qırır, Azərbaycan yüksək inkişafdan geri qalmayacaq...
Siyasət reallığı və təmkinli olmağı sevir. Azərbaycan bu müharibədən faydalanmalı, şanlı ordumuzu gücləndirməli, elə etməlidir ki, onun müstəqilliyinə xətər yetirmək istəyənlərə 44 günlük müharibədəki kimi cavab versin...